#3

– Pablosunuz? – deyə soruşdum.
– Heç kiməm, – kişi mehribanlıqla cavab verdi. – Burada heç kəsin adı yoxdur, heç birimiz də şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz?
– Bəli, buyurun.
– Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin.
– Hansı fiqurları?
– Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm.
 Mənə bir güzgü göstərdi və gördüm ki, vahid şəxsiyyətim çoxlu "mən"ə parçalandı, özü də bayaqkından artıq oldu. Ancaq bunlar lap balaca- təxminən şahmat fiqurları boyda idi və kişi inamla, sakitcə bir neçəsini götürüb şahmat taxtasının böyründə yerə düzdü. Tez-tez eşitdiyi nitqi və mühazirəni təkrar edirmiş kimi yeknəsaq bir səslə danışmağa başladı:
 – «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur və elm də buna şizofreniya kimi ad qoyub. Elm bir tərəfdən haqlıdır, çünki ümumi rəhbərlik, necə deyərlər, nizamlama, qruplaşdırma olmasa, çoxluğun ağzını bir yerə yığmaq heç cür mümkün deyil. Eyni zamanda da haqsızdır, ona görə ki, bu cür saysız-hesabsız «mən»lərin altında gizlənən mənaları bircə dəfə ömürlük nizamlamağın bəs edəcəyinə inanır. Elmin bu səhvi bəzi pis nəticələrə gətirib çıxarır. Ancaq onun bircə şeyə xeyri var ki, dövlətə qulluq edən müəllimlərin, tərbiyəçilərin işini yüngülləşdirir, onları fikirləşməkdən, təcrübə aparmaqdan azad edir. Həmin səhvin nəticəsidir ki, əlacsız dəlilərin çoxu «normal», hətta ictimai həyat üçün dəyərli adam hesab olunur, bəzi dahilərə də, əksinə, hamı dəli kimi baxır. Ona görə də biz elmi psixologiyadakı bu yarımçıqlığı yeni bir anlayışla doldurub, adını da yaratmaq sənəti qoymuşuq. Bununla öz «mən»inin parçalandığını görənlərə göstəririk ki, həmin hissləri müxtəlif düzümdə yenidən birləşdirmək olar və ona görə də həyat adlı oyunda hamı istədiyi şəkildə, istədiyi qədər iştirak edə bilər. Yazıçı bir yığın fiqurdan dram əsərini necə yaradırsa, biz də öz «mən»imizin parçalandığı fiqurlardan yeni-yeni qruplar yaradırıq. Hamısı da ayrı biçimdə, ayrı istəkdə, ayrı-ayrı vəziyyətlərdə…

Yalquzaq, Herman Hesse

Comments